• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Xaçmaz, Azərbaycan

    Bakı Prospekti, 45

Xəbərlər

Dövlət, özəl və ictimai sektor arasında əməkdaşlıq modelinə əsaslanan (Public Private Partnership) layihə start götürdü!

Xaçmaz rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ilk mərkəzi - Xaçmaz KOB İnkişaf Mərkəzi istifadəyə verilib. Açılış mərasimində İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Universitas İnternational şirkətinin təsisçisi Valid Madhoun və direktoru Araz Paşayev iştirak edib.

Təşkil edilmiş tədbirdə çıxış edən nazir Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı, həmçinin orta müddətli dövrdə ÜDM-in əsas hissəsinin bu sektorun hesabına formalaşması, məşğulluğun təmin olunmasında payının artırılması kimi yeni hədəflər müəyyən edib. Xaçmazda KOB Evinin və KOB İnkişaf Mərkəzinin yaradılması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB Evinin biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkan olduğunu diqqətə çatdırıb. Məlumat verilib ki, KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziyaların alınması, maliyyə resurslarına çıxış, mühasibat uçotunun aparılması, idxal-ixrac rəsmiləşdirilməsi, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış, ixracın təşviqi və digər istiqamətlərdə dəstək göstəriləcək. Ümumilikdə, KOB Evində ilkin mərhələdə 200-ə yaxın “G2B” və 100-dək “B2B” xidmətlər təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək.

Mərkəzin açılış mərasimində Universitas İnternational şirkətinin təqdimatı şirkətin təsisçisi Valid Madhoun tərəfindən aparılıb. Valid Madhoun Universitas İnternational şirkətinin bu layihədə icraçı qismində çıxış etdiyinə görə məmnunluğunu bildirib. Şirkətin direktoru Araz Paşayev isə tədbir iştirakçılarına Xaçmaz KOB İnkişaf Mərkəzində həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı məlumat verib. Bildirib ki, əsas fəaliyyət istiqamətləri regionda innovativ sahibkarlığın, startap və ailə bizneslərinin, gənclər və qadınlar arasında sahibkarlığın inkişafının təşviqini əhatə edir. Həmçinin qeyd edib ki, layihə ərzində 100 KOB subyektinin müxtəlif sahələr üzrə maarifləndirilməsi və 250 KOB subyektinə konsaltinq xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, KOB İnkişaf Mərkəzi kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan sahibkarların və biznesə yeni başlayanların bu sahədə öz ideyalarını həyata keçirməsini təlim və məsləhət xidmətləri ilə dəstəkləyəcəkdir.

Qeyd edək ki, Mərkəzdə sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması üçün həyata keçiriləcək fəaliyyətlərin icrası Universitas International şirkəti tərəfindən aparılacaq.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.

Xəbərlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

Xaçmaz KOBİM tərəfindən təlim keçirilib Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

.